Nizami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib - FOTO

21:58 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

VIII Bakı Qlobal Forum çərçivəsində Nizami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib.

Hafta.az-ın xəbərinə görə, təqdimatda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Fondunun həmsədri, Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa bildirib ki, Bakı ötən illər ərzində inkişaf edib, çiçəklənib.

O deyib ki, eyni inkişafı başqa ölkələrdə görmək mümkün deyil, ölkələr böhranla, münaqişələrlə üzləşib. "Bunların öhdəsindən gəlmək üçün biz birgə işləyirik. Mən səbirsizliklə qarşıdakı forum günlərini gözləyirəm və əminəm ki, öz ölkələrimizə zəngin təcrübə ilə qayıdacağıq", deyə Fondun həmsədri bildirib. O əlavə edib ki, bu il Azərbaycanda Nizami Gəncəvi ili elan edilib bu böyük şairə, onun yaradıcılığına hörmət əlamətidir. "Mən çox şadam ki, Nizami Gəncəvi irsini araşdırdım. Bu kitabda 7 fəsil Gəncəvi yaradıcılığını əhatə edib" deyə o, əlavə edib.

Daha sonra təqdimatda Fondun digər həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin çıxış edib. O, Nizami Gəncəvi Beynəlxalq Fondunun gördüyü işlər, amalı barədə danışıb.
"Şadam ki, bu gün burdayam. Qarşıdakı günlərdə keçiriləcək müzakirələrdə biz düşüncələrimizi, yanaşmamızı bölüşəcəyik. Zamanın çətinlik və çağırışlarına cavab vermək üçün fikir mübadiləsi aparacağıq. Texnologiya imkan verir ki, bu gün bu foruma qatıla bilməyənlər də texnoloji vasitələrdən istifadə edərək foruma onlayn formatda qatılsınlar, öz fikirlərini bölüşsünlər" deyə Seageldin bildirib.

O çıxışında Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətinə toxunaraq deyib ki, onun yaradıcılığı, əsərlərində çatdırmaq istədiyi məqamlar Azərbaycan sərhədlərini aşır.

Daha sonra Kerri Kennedi, Robert F. Kennedi İnsan Hüquqları təşkilatının prezidenti onlayn formatda tədbirdə çıxış edib. O deyib ki, Forumda müzakirə olunacaq mövzular zamanın çağırışlarına uyğundur. Dünya COVID dövrünün keçid mərhələsindədir. "Ola bilər ki, əvvəlki vəziyyətin bərpası bir neçə il ala bilər, amma həmrəyliklə bütün problemlərin öhdəsindən gəlmək mümkün olacaq". O təəssüflə qeyd edib ki, bu gün peyvəndin əlçatanlığı bütün ölkələr üçün bərabər deyil, Afrika ölkələrinin yalnız 2 faizi peyvənd olunub, "Bu problemi həll etməliyik, bununla bağlı çalışmalıyıq".

O iqlim dəyişikliyi və emmisyalarla bağlı problemə toxunub, deyib ki, ölkələr öhdəlikləri üzərində işləməlidir. "BMT-nin iqlim dəyişikliyi ilə bağlı hesabatı hər bir ölkə üçün çağırış olmalıdır bu təhlükənin miqyasını göstərir".

Kerri Kennedi əlavə edib ki, bu gün dünya əhalisinin üçdə birinin təmiz enerji resurslarına çıxışı yoxdur.

O deyib ki, bu Fondda qlobal təşkilat olaraq bu problemlərə toxunmalı, həlli istiqamətində digər ölkə və təşkilatlarla əməkdaşlıq etməlidir.